Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ilin aprel-may aylarında Azərbaycan hökuməti ilə fondun nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələr aparacaq. Bu barədə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Natalya Tamirisa məlumat verib.
“Azərbaycan hökuməti ilə Beynəlxalq Valyuta Fondunun nizamnaməsinin IV maddəsi üzrə illik məsləhətləşmələrin aprelin sonu - mayın əvvəllərində keçirilməsi planlaşdırılır”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Sonuncu dəfə BVF Azərbaycan hökuməti ilə 2019-cu ilin iyun ayında IV maddə üzrə məsləhətləşmələr aparıb. 2020-ci ildə məsləhətləşmələr koronavirus (COVID-19) pandemiyası səbəbindən baş tutmayıb.
Tamirisa qeyd edib ki, bu yaxınlarda Azərbaycanın ayrı-ayrı nazirlikləri və idarələri ilə videokonfrans formatında danışıqlar aparıb.
“Danışıqlarda 2020-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafı məsələləri, COVID-19 pandemiyasının təsiri və bu təsirin azaldılması üzrə cavab tədbirləri müzakirə mövzusu olub. Missiya, həmçinin 2021-ci il üçün perspektivləri və planları da müzakirə edib”, - deyə o əlavə edib.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.*
Ə.Məmmədov