Bakı, Ankara və Tehran bölgədə nəqliyyat layihələrini birgə inkişaf etdirmək niyyətindədir, İrəvan da özünü normal apararsa, bu prosesdən faydalana bilər. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər”, - deyə dövlət başçısı bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, II Qarabağ müharibəsi başa çatıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb.
“Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı Qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli bəyanat Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək nəqliyyat dəhlizinin tikintisini nəzərdə tutur. Bu dəhliz yeni imkanlar yaradır.
Bununla əlaqədar İ.Əliyev İƏT-ə üzv olan ölkələri layihəyə qoşulmağa dəvət edib.
“Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”, - deyə o əlavə edib.*
X.Nəsirzadə