Azərbaycan COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək ölkələrin siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil. Bu barədə “İnterfaks-Azərbaycan”a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
“Dövlət Agentliyi Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil. ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub”, - Agentlikdənbildirilib.
Agentliyin qiymətləndirmələrinə gpörə, ÜST-nin bu qərarı aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb.
Agentlik vurğulayır ki, Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.
“Azərbaycan COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biridir. Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük”, - Dövlət Agentliyindən qeyd olunub.
Agentlikdə hesab edirlər ki, bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir.
“Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir. Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır”, - Agentlik qeyd edir.
Əlavə edilib ki, Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb.
Azərbaycan 2020-ci ildə COVAX-a $21 milyon məbləğində köçürüb. **
X.Nəsirzadə