Nəsimi rayon Prokurorluğu martın 7-də bir nəfər qadının ölüm faktı ilə bağlı cinayət işi açıb. Bu barədə Prokurorluqdan məlumat verilir.
“Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir”, - məlumatda qeyd olunur.
Bildirilir ki, hadisə yerində - Puşkin küçəsi, 1 ünvanında məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, 1987-ci il təvəllüdlü Şəfəq Namətova qeyd edilən ünvanda piyada hərəkətdə olan zaman Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılmış dəmir lövhələrdən birinin güclü küləyin təsirindən uçaraq onun üzərinə düşməsi nəticəsində ölüb. **
X.Nəsirzadə