Çərşənbə axşamı Azərbaycanda təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemi üzrə 2 ədəd son nəsil dopler meteoroloji radar istifadəyə verilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verir.
“Dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın “BARON” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb. Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir. Belə sistemlərdən ikisi Şamaxı və Göygöl rayonlarında 9 mart tarixində istifadəyə verilib”, - məlumatda deyilir.
“İnterfaks-Azərbaycan”a nazirlikdən bildirilir ki, beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, ölkənin bütün ərazisini əhatə etmək məqsədilə 5 radar quraşdırmaq lazımdır. Beləliklə, 2025-ci ilədək daha 3 radar alınaraq quraşdırılacaq. Həmin radarlardan biri Qarabağda quraşdırılacaq.
Ümumiyyətlə Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb.
“Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb”, - nazirlikdən vurğulanıb. **
X.Nəsirzadə