Azərbaycan 2021-ci ilin sonunadək RF ilə sərhəddə “Xanoba” gömrük postunu istifadəyə verməyi planlaşdırır. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bəyan edib.
Çərşənbə axşamı Mehdiyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və səfirliyin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix ilə görüşüb. Bu barədə DGK-dan məlumat verilir.
“Azərbaycan-Rusiya sərhədində inşa olunan "Xanoba" gömrük postunun ilin sonunadək istifadəyə veriləcəyinə ümid etdiyini bildirən Mehdiyev, bununla da iki ölkə arasında sərhədkeçmə proseslərinin sürətlənəcəyini, tranzit daşımaların həcminin artacağını, beynəlxalq ticarətin daha asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün münbit şərait yaranacağını vurğulayıb”, - məlumatda qeyd edilir.
İki ölkə arasındakı ticarət dövriyyəsinin daim artdığını qeyd edən Komitə sədri gömrük orqanlarının da bu sahəyə mühüm töhfə verdiyini vurğulayıb.
Öz növbəsində, Boçarnikov səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskixi Komitə sədrinə təqdim edib.
Xəbər verildiyi kimi, DGK “Xanoba” gömrük postunun tikinti-quraşdırılma işlərinə (ilkin mərhələdə) 8 milyon manat ($4,7 milyon) yönəldəcək. **
R.Əhmədov