2021-ci ilin yanvar-fevral aylarında 7,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,3% azalması hesabına baş verib, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12,1% artıb.
Sənaye məhsulunun 64,1%-i mədənçıxarma sektorunda, 29,1%-i emal sektorunda, 6,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,3%, kağız və karton istehsalı 26,5%, toxuculuq sənayesi məhsullarının istehsalı 26,5%, tikinti materiallarının istehsalı 13,2%, kimya sənayesi məhsullarının istehsalı 6,5%, elektrik avadanlıqlarının istehsalı 6,2%, qida məhsullarının istehsalı 2,5% artıb.
Geyim istehsalı 4%, metallurgiya sənayesi məhsullarının istehsalı 6,1%, neft məhsullarının istehsalı 17,9%, içkilərin istehsalı 18,6%, hazır metal məmulatlarının istehsalı 20,2%, mebel istehsalı 59,6%, poliqrafiya məhsullarının istehsalı 67,7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 74,3%, sair nəqliyyat vasitələrinin istehsalı 95,7% azalıb.
2021-ci ilin yanvar-fevral aylarıının yekunları üzrə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,1% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,6% azalıb.*
N.Abbasova