Bakı və Budapeşt iqtisadiyyat və ticarət sahələrində ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində işləməlidir. Bu sözləri Prezident İlham Əliyev deyib.
“Dost ölkələr olan Azərbaycan və Macarıstan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırmalıdır”, – deyə dövlət başçısı bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən bildirib.
O, Macarıstan şirkətlərini azad edilmiş ərazilərin inkişaf etdirilməsində iştirak etməyə dəvət edib.
“Xüsusilə də, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur. Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq”, - deyə prezident vurğulayıb.
İ.Əliyev kənd təsərrüfatı və texnologiya sahələrində də böyük potensialın olduğunu qeyd edib.
“Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq. Beləliklə, görüləcək işlərin həcmi böyükdür və əminəm ki, səfəriniz çərçivəsində həmkarlarınızla bu məsələləri ətraflı müzakirə edəcəksiniz”, - deyə o əlavə edib.*
X.Nəsirzadə