Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirakını ətraflı müzakirə ediblər. Bu sözləri nazir C.Bayramov deyib.
“Biz Macarıstan şirkətlərinin Qarabağdakı bərpa işlərində iştirakını ətraflı müzakirə etdik. Macarıstanın İxrac-İdxal Bankı ölkə şirkətlərinin Qarabağda həyata keçirəcəkləri layihələrin maliyyələşdirilməsi üçün $100 milyon məbləğində kredit xəttinin ayrılması barədə qərar qəbul edib. Biz, həmçinin Macarıstanın Qarabağda minalardan təmizlənməsi üçün könüllü ianə etməsini də alqışlayırıq", - deyə Bayramov P.Siyarto ilə birgə mətbuat konfransında bildirib.
XİN başçısı qeyd edib ki, indiyə qədər ölkələr arasında 44 hökumətlərarası və dövlətlərarası saziş imzalanıb, daha 10 yeni saziş üzərində isə iş aparılır.
Öz növbəsində, P.Siyarto Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak etməyə hazır olduğunu bildirib. “Bizi xüsusilə “ağıllı şəhər” layihələrində iştirak cəlb edir”, - deyə o əlavə edib.*
R.Əhmədov