“SOCAR Petroleum” QSC (SOCAR şirkətinin törəməsi) Qubadlı rayonunda və Şuşa şəhərində yeni yanacaqdoldurma stansiyaları inşa etməyi planlaşdırır.
“SOCAR Petroleum” Qubadlı rayonunun Eyvazlı kəndində ən qabaqcıl texnoloji tələblərə cavab verən, standart yanacaqdoldurma stansiyalarından fərqli olan innovatv YDM-ni istifadəyə verməyy planlaşdırır. Bu YDM dünyada ən qabaqcıl texnologiya ilə təchiz olunacaq”, - “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
Məlumata görə, şirkət həmçinin Şuşa şəhərinə girişdə SOCAR brendi ilə YDM-nin tikintisinə hazırlıq işləri həyata keçirir.
“Bu stansiya Şuşa şəhərinə çəkilən Füzuli-Şuşa magistral avtomobil yolunun üzərində, şəhərə girişdə inşa olunacaq. Ümumilikdə, şirkət Azərbaycanın bütün regionlarında öz YDM şəbəkəsinin genişləndirilməsini davam etməyi planlaşdırır”, - şirkətdən qeyd ediblər.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb. Hazırda Azərbaycanda “SOCAR” brendli yanacaqdoldurma məntəqələrinin sayı 37 təşkil edir.
Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft terminal bazasına malikdir.**
N.Abbasova