50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrdə iştirak etmək üçün müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahından məlumat verilib.
Qərargahdan bildiriblər ki, bu günədək 12 ölkəni (əsasən Türkiyə, Rusiya, Pakistan, Macarıstan və Qazaxstan) təmsil edən 53 şirkətdən müraciətlər daxil olub. Bu şirkətlər işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərində investor və ya podratçı kimi iştirak etmək niyyətindədir.
İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə fiziki və hüquqi şəxslər tərəfindən daxil olan müraciətlərin sayı 409-a çatıb.
“Bu müraciətlərin 104-ü (25%) ticarət və xidmət, 93-ü (23%) sənaye, 69-u (17%) kənd təsərrüfatı, 70-i (17%) tikinti, 34-ü (8%) turizm, 5-i (1,2%) təhsil, 1-i (0,2%) nəqliyyat və logistika, 33-ü (8,5%) isə digər sahələri əhatə edir”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il noyabrın 24-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Əlaqələndirmə Qərargahının yaradılması haqqında sərəncam imzalayıb.
Qərargahın rəhbəri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevdir.*
B.Rüstəmbəyov