Azərbaycan yeni növ koronavirus infeksiyasının yayılması ilə mübarizə çərçivəsində 432 min doza “AstraZeneca” vaksini alır.
Baş nazir Əli Əsədov bu gün müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə “Gavi Alliance” arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən İsveç Krallığının “AztraZeneca” şirkətinə məxsus 432 min doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 gün müddətində həyata keçiriləcək.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin etmək tapşırılıb.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir. 4 milyon doza “CoronaVac” peyvəndinin ölkəyə gətirilməsi haqqında müqavilələr bağlanılıb.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” çərçivəsində həyata keçirilir.*
N.Abbasova