2020-ci ildə Azərbaycanın beynəlxalq aeroportlarının sərnişin axını 77,7% - 1 milyon 235,6 min nəfərədək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Sərnişin axınının azalması COVID-19 səbəbindən uçuşlara məhdudiyyətlərin qoyulması ilə bağlıdır.
Heydər Əliyev Beynəlxalq Aeroportu 2020-ci ildə 1 milyon 30,7 min sərnişinə (azalma 78,2%) xidmət göstərib. Bununla yanaşı, 868,8 min sərnişinə beynəlxalq istiqamətlərdə xidmət göstərilib.
2020-ci ildə AZAL və “Buta Airways” aviadaşıyıcıları 574,2 min sərnişin (azalma 78,7%) daşıyıb. Beynəlxalq reyslərlə daşınan sərnişinlərin sayı 80,4% - 407,7 min nəfərədək azalıb. Daxili marşrutlar üzrə isə 166,5 min sərnişin daşınıb.
Hesabat ilində yük və baqaj daşınması 66,6% azalaraq 5 min ton, poçt daşınması isə 66,2% azalaraq 171,5 ton təşkil edib.
2020-ci ildə sərnişin oturacaqlarının tutulma faizi 17,8% azalaraq 57,8% təşkil edib. Beynəlxalq hava xətlərində sərnişin oturacaqlarının tutulma faizi isə 19% azalaraq 55,7% təşkil edib.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.
2019-cu ildə Azərbaycanın beynəlxalq aeroportları ümumilikdə 5,56 milyon sərnişinə xidmət göstərib.*
X.Nəsirzadə