2020-ci ildə Azərbaycanın gömrük orqanları tərəfindən 18,9 min hüquqpozma faktı aşkar edilib.
"İnterfaks-Azərbaycan" agentliyinin Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadən verdiyi xəbərə görə, 509 fakt cinayət xarakterli olub və bu faktlar üzrə müsadirə edilmiş qaçaqmalların və digər cinayət xarakterli əşyaların dəyəri 693,9 milyon manat təşkil edib. Bu hərəkətlərin törədilməsində şübhəli bilinən 517 şəxs (412 nəfər Azərbaycan vətəndaşı və 105 nəfər xarici vətəndaş) barəsində müvafiq tədbirlər görülüb.
2020-ci ildə Azərbaycanın gömrük orqanları tərəfindən narkotik vasitələrin, psixotrop preparatların və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 111 fakt aşkar edilib.
Hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 108 vətəndaş (94 kişi və 14 qadın) barəsində müvafiq tədbirlər görülüb. Həmin şəxslərin 79 nəfəri Azərbaycan vətəndaşı, 29 nəfəri isə əcnəbilərdir.
Komitənin məlumatına görə, 2020-ci ildə müəyyən edilmiş 18,4 min hüquqpozma faktı üzrə 2,4 min hüquqi şəxs, o cümlədən 861 xarici və 16,1 min fiziki şəxs (11,3 min xarici şəxs) inzibati məsuliyyətə cəlb edilib. Bu şəxslərə ümumilikdə 2 milyon 66,5 min manat məbləğində cərimə sanksiyaları tətbiq edilib, ümumi dəyəri 338 min manat olan mal müsadirə edilib.
Bundan başqa, Azərbaycanın gömrük sərhədindən valyuta və valyuta ehtiyatlarının keçirilməsi tələblərini pozmuş şəxslərdən 340,8 min ABŞ dolları, 2 milyon 7,5 min rus rublu, 110,3 min manat dəyərində qızıl-zinət əşyaları və 12,8 min manat dəyərində gümüş-zinət əşyaları aşkar olunub.*
B.Rüstəmbəyov