Türkiyənin ən böyük özəl şirkətlərindən biri olan “Cengiz Holding”in törəmə şirkəti “Eti Bakır” SC Azərbaycanda mis yataqlarının işlənməsində iştirak etmək niyyətindədir. Bu barədə “AzerGold” QSC-nin məlumatında deyilir.
“AzerGold” QSC-də “Eti Bakır” şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə dağ-mədən sahəsində tətbiq olunan qabaqcıl texnologiyaların öyrənilməsi, geoloji kəşfiyyat işləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
““Eti Bakır” SC-nin İdarə Heyətinin sədri Şeref Cengiz rəhbərlik etdiyi şirkətin Türkiyə və regionun mis hasilatı və metallurgiya sənayesindəki öncül mövqeyindən bəhs edib. O, Azərbaycanda mis yataqlarının işlənməsinə və metallurgiya sənayesinin inkişafına dəstək verməyə hazır olduqlarını bəyan edib”, – deyə məlumatda qeyd olunur.
Ş.Cengiz fevral ayında Ankarada keçirilən Türkiyə-Azərbaycan Biznes Forumu çərçivəsində Azərbaycan hökuməti ilə “Eti Bakır” arasında əməkdaşlığa dair imzalanmış sazişin dağ-mədən sektorunda tərəfdaşlığa mühüm töhfələr verəcəyini vurğulayıb.
“AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov dağ-mədən sektorunun inkişaf etdirilməsi məqsədilə icra edilən layihələrdən danışıb. İdarə Heyətinin sədri “AzerGold” tərəfindən 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha 6 qızıl yatağının, eləcə də 1 polimetal və 4 mis yatağının istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.
“Z.İbrahimov Qarabağ regionunun böyük iqtisadi potensialının olduğunu, mövcud resursların dağ-mədən sektorunda ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib. O, “AzerGold” QSC-nin bu sahədə Türkiyə şirkətlərinə hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb”, – deyə məlumatda qeyd olunur.
2021-ci il fevralın 18-də Ankarada keçirilən Türkiyə-Azərbaycan Biznes Forumu çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Eti Bakır AS” və “Artvin Maden İsletlemeri” şirkətləri arasında faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Cengiz Holding"in İdarə Heyətinin sədri Mehmet Cengiz imzalayıblar.
M.Cabbarov bildirib ki, memorandum Azərbaycanla Türkiyə arasında dağ-mədən sənayesi sahəsində əməkdaşlığı və qızıl və mis yataqlarının işlənməsinin təmin edilməsini nəzərdə tutur.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Hazırda “AzerGold” yalnız “Çovdar” yatağından yerüstü işlənmə mərhələsi çərçivəsində qızıl və gümüş hasilatı və ixracını həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
N.Abbasova