Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazırdır. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Toivo Klaar ilə görüşü keçirilib.
“Görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, o cümlədən Ermənistan tərəfinin Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdləri, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib”, - deyə məlumatda bildirilir.
Nazir, həmçinin bölgədə həyata keçirilən quruculuq və bərpa prosesləri, bu xüsusda Aİ-nin mümkün rolundan danışıb.
Xüsusi nümayəndə Toivo Klaar Aİ-nin bölgədə sülh, təhlükəsizlik və tərəqqinin əldə olunması prosesini dəstəkləməyə hazır olduğunu vurğulayıb.
“Tərəflər, eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov