Azərbaycanın Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndinin qeydiyyata alındığını bildirib.
“Bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Səhiyyə Nazirliyi “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib”, - deyə nazirliyin məlumatında bildirilir.
Qeyd olunur ki, yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi təmin olunacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının “Human Vaccine” MMC arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 min doza “Sputnik V” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 gün müddətində həyata keçiriləcək.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir. 4 milyon doza “CoronaVac” peyvəndinin ölkəyə gətirilməsi haqqında müqavilələr bağlanılıb. Bundan başqa, Azərbaycan “AztraZeneca” şirkətinə məxsus 432 min doza COVID-19 vaksininin ölkəyə gətirilməsi haqqında müqavilə bağlayıb.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” çərçivəsində həyata keçirilir. Martın 12-nə ölkə əhalisinin 4,5%-dən çox hissəsinə peyvənd vurulub.*
R.Əhmədov