“Meqa Həyat Sığorta” şirkəti İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bürodan məlumat verilib.
““Meqa Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətləri göstərmək hüququ əldə edib”, - deyə məlumatda bildirilir.
Beləliklə, Büronun üzvlərinin sayı 17-yə çatıb.
İSB-nin şərtlərinə əsasən, Büronun təsisçisi və ya üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir. Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
“Mega Həyat Sığorta” ASC 2019-cu il sentyabrın 17-də Azərbaycanın vergi orqanlarında qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 11 milyon manatdır. 2021-ci il fevralın 19-da şirkətin fəaliyyətinə lisenziya verilib.*
Ə.Məmmədov