2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 6 milyard 27,9 milyon manatlıq istehlak malları alıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali tərəfindən ərzaq malları, içki və tütün məmulatlarının alınmasına 3 milyard 205 milyon manat (2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 2%), qeyri-ərzaq mallarının alınmasına 2 milyard 822,9 milyon manat (azalma 4,9%) sərf olunub.
2021-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,2%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 5,2%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat aylarında istehlak məhsullarının dəyər ifadəsində 26,6%-i ticarət müəssisələri, 49,9%-i fərdi sahibkarlar tərəfindən, 23,5%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3% artıb, fərdi sahibkarlar üzrə 1,6%, bazar və yarmarkalarda 15,8% azalıb.
2021-ci ilin yanvar-fevral aylarında ticarət şəbəkəsində bir ölkə sakini 160,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.
2020-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 1,3% azaldıb.**
B.Rüstəmbəyov