1 fevral 2021-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 690,9 manat ($405,9) təşkil edir ki, bu da 2020-ci ilin yanvar ayının sonuna olan göstəricidən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 yanvar 2021-ci il tarixinə Azərbaycanda orta aylıq nominal əmək haqqı 707,3 manat ($416,1), 1 dekabr 2020-ci il tarixinə 703,5 manat ($413,8), 1 noyabr 2020-ci il tarixinə 704,5 manat ($414,4), 1 oktyabr tarixinə 706,6 manat ($415,6) təşkil edib.
2021-ci il fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 684,4 min nəfər (yanvarın 1-nə 1 milyon 691,8 min nəfər) olub ki, bu da bir il əvvəllə müqayisədə 43,4 min nəfər və ya 2,6% çoxdur. Onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 769,1 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,6%-i təhsil, 18,5%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.**
X.Nəsirzadə