2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 559,6 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 4 milyard 29,4 milyon manat (2020-ci ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə artım 11,5%), xərcləri 3 milyard 469,8 milyon manat (artım 4,2%) təşkil edib.
2021-ci ilin 2 ayı ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 12 milyard 19 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin profisiti ÜDM-in 4,7%-ni təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov