2021-ci ilin yanvar-fevral aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 2 milyard 992,8 milyon kubmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 47,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə magistral qaz kəmərləri ilə nəql edilən qazın 45,6%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 6 milyard 558,3 milyon kubmetr qaz (artım 8,2%) nəql edilib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstana və əsasən də Türkiyəyə ixrac olunur. Bununla yanaşı, Azərbaycan Türkiyəyə yalnız bu yataqdan qaz tədarük edir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova