2021-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft hasilatı 593 min barel təşkil edib ki, bu da yanvar göstəricisinə uyğundur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Fevral ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 741 min barel olub. Bunun 593 min barelini xam neft, 148 min barelini isə kondensat təşkil edib. Azərbaycan fevralda gündəlik neft hasilatını 125 min barel azaldıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. Beləliklə, Azərbaycan fevral ayında neft hasilatının azaldılması üzrə öhdəliyini 100,3% yerinə yetirib.
Xəbər verildiyi kimi, OPEC+ ölkələri nazirlərinin dekabrın 3-də keçirilmiş iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 milyon barel azaldılması barədə qərar qəbul edilib. Beləliklə, yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 milyon barel, qeyri-OPEC ölkələri isə 2,636 milyon barel azaldacaqlar. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvar-aprel aylarında Azərbaycan gündəlik xam neft hasilatını 595 min barel səviyyəsində saxlamalıdır.*
N.Abbasova