2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azalaraq 4 milyard 279 milyon kVt/saat olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkədə 4 milyard 141,6 milyon kVt/saat (azalma 2%) əmtəəlik elektrik enerjisi istehsal olunub. Həmçinin, istilik elektrik stansiyaları 3 milyard 987,2 milyon kVt/saat (azalma 2,2%), su elektrik stansiyaları 134,6 milyon kVt/saat (artım 8,1%) elektrik enerjisi istehsal edib.
Bundan başqa, qeyd olunan dövrdə respublikada külək enerjisinin istehsal həcmi 14,5 milyon kVt/saat (azalma 14,7%), günəş enerjisinin istehsal həcmi 5,3 milyon kVt/saat (artım 12,8%) təşkil edib.
Öz növbəsində, “İnterfaks-Azərbaycan”a Dövlət Gömrük Komitəsindən məlumat verilib ki, 2021-ci ilin yanvar-fevral aylarında ölkədən elektrik enerji ixracı $16 milyon 84,27 min dəyərində 404 milyon 24,93 kVt/saat təşkil edib. İxrac say ifadəsində 7,8% artıb, pul ifadəsində 9,9% azalıb. **
N.Abbasova