2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayı 72,1 min nəfər təşkil edib, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisindən 5,9 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-dən qeyd olunur ki, yanvar-fevralda ölkəyə səfərlərin əksəriyyəti turizm ilə əlaqədar olmayıb, bu da COVİD-19 koronavirus pandemiyası və 2020-ci il mart ayından Azərbaycana səfərlərə qüvvədə olan qadağa ilə şərtlənir. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Ötən dövr ərzində ölkəyə gələnlərin 33,3%-i Rusiya Federasiyası, 28,8%-i Türkiyə, 14,9%-i İran, 10,4%-i Gürcüstan, 2,4%-i Ukrayna, 1,2%-i Böyük Britaniya, 1%-i Belarus, hər birindən 0,7% olmaqla Özbəkistan və Türkmənistan, Qazaxıstan, 0,5%-i Almaniya, 0,6%-i İtaliya, 0,3%-i ABŞ, 4,5%-i digər ölkələrin vətəndaşları olub.
Ümumilikdə, gələnlərin 94,7%-ni kişilər, 5,3%-ni qadınlar təşkil edib.
Statistikaya əsasən, yanvarda Azərbaycana səıfər Aİ ölkələrinin vətəndaşlarının sayı 4,3 dəfə - 2,8 min nəfərədək, Fars körfəzi ölkələrindən – 5,6 dəfə - 11 min nəfərədək, MDB ölkələrindən – 5,2 dəfə - 28,3 min nəfərədək azalıb.
Hesabat dövründə vətəndaşların 73%-i dəmir yolu və avtomobil, 23,2%-i hava, 3,8%-i isə dəniz nəqliyyatı ilə Azərbaycana gəliblər.
Məlumata görə, yanvar-fevralda xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 13,5 dəfə - 60,9 min nəfərədək azalıb. Həmçinin, vətəndaşların 47,3%-i Türkiyə, 17,3%-i – Rusiya, 10,5%-i - Gürcüstan, 8.3%-i – İran, 16,6%-i – digər ölkələrə səfər edib.
“Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 30,5%-i dəmir yolu və avtomobil, 62,2%-i hava, 7,3%-i dəniz nəqliyyatından istifadəedib”, - DSK-dən vurğulanıb.
2020-ci ilin yekunları üzrə Azərbaycana turist axını 795,7 min nəfər təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır. Turist axının azalması COVİD-19-a görə qüvvədə olan məhdudiyyətlərlə əlaqədar olub. **
B.Rüstəmbəyov