Bakı və Bratislava iqtisadi münasibətlərin inkişafı məqsədilə əlaqələndirmə mexanizmi tərtib etməyi planlaşdırır. Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib.
“Azərbaycanla Slovakiya arasında ikitərəfli iqtisadi münasibətləri nəzərdən keçirərkən qeyd etmək lazımdır ki, ticarət dövriyyəsinin həcmi və sərmayələrin yatırılması kifayət qədər yüksək səviyyədə deyil. Biz bu gün ikitərəfli ticarət-iqtisadi münasibətlərin inkişafı üçün əlaqələndirmə mexanizminin yaradılmasını müzakirə etdik”, - Bayramov bu gün Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçok ilə danışıqların yekunlarına dair keçirilən brifinqdə bildirib.
Bayramov əlavə edib ki, hazırda Azərbaycanda Slovakiya kapitalı ilə 11 şirkət fəaliyyət göstərir. Bu şirkətlər dəmir yolu, konteynerlə yükdaşımalar və digər sektorlarda fəaliyyət göstərirlər.
Öz növbəsində, Korçok qeyd edib ki, bu gün Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirəcək və iqtisdadi münasibətlərin inkişafını müzakirə edəcək. **
Ə.Məmmədov