Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünya birliyini Qarabağda minalanmış ərazilərin xəritələrinin Bakıya verilməsi üçün Ermənistana təzyiq etməyə çağırıb.
“Ermənistan təxminən 30 il ərzində Azərbaycanın işğal olunmuş ərazilərini fəal şəkildə minalayıb. 10 noyabr tarixli üçtərəfli bəyanata baxmayaraq, Ermənistan mina xəritələriniAzərbaycana hələ də təqdim etməyib. Hesab edirik ki, dünya birliyi vəbeynəlxalq təşkilatlar susmamalıdırlar. Ermənistana təzyiq göstərmək və konstruktiv mövqe tutması üçün vadar edilməlidir”, - Bayramov çərşənbə günü Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla danışıqların yekunlarına dair keçirilən brifinqdə bildirib.
Nazir əlavə edib ki, Qarabağda hərbi əməliyyatlar sona çatdıqdan sonra həmin ərazilərdə 96 nəfər (hərbi qulluqçular daxil olmaqla - İF) minaya düşüb. Onlardan 18 nəfər həlak olub, 78 nəfər xəsarət alıb.
“Son insident dünən qeydə alınıb – Ağdam rayonunda 6 nəfər minaya düşüb”, - Bayramov bəyan edib.
Öz növbəsində, Korçok vurğulayıb ki, Slovakiya Qarabağda atəşkəsi və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Slovakiya XİN başçısı əlavə edib ki, Bratislava Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişin imzalanmasını dəstəkləyir. **
Ə.Məmmədov