Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Bakının Qarabağda işğaldan azad olunmuş ərazilərdə mədəni və dini abidələrə vurulmuş zərərin qiymətləndirilməsi üçün UNESCO missiyasını qəbul etməyə hazır olduğunu təsdiq edib.
Prezident Administrasiyasının məlumatına görə, bu barədə Hacıyev UNESCO-nun Baş direktorunun ofisinin rəhbəri Nikolas Kassionides ilə videokonfrans formatında görüş zamnaı bəyan edib.
“Söhbət zamanı Hacıyev Azərbaycanın UNESCO ilə əməkdaşlığa böyük önəm verdiyini, konstruktiv dialoqa həmişə açıq olduğunu qeyd edib. O, həmçinin, Qarabağda işğaldan azad olunmuş ərazilərdə mədəni və dini abidələrə vurulmuş zərərin qiymətləndirilməsi üçün rəsmi Bakının UNESCO missiyasını qəbul etməyə hazır olduğunu təsdiq edib”, - məlumatda vurğulanır.
Eyni zamanda, Hacıyev əlavə edib: “30 ilə yaxın işğal dövrü ərzində həmin ərazilərdə Azərbaycan xalqının mədəni və dini irsinə qarşı Ermənistanın törətdiyi vandalizmin miqyası dəhşətlidir”.
Prezidenti köməkçisi qeyd edib ki, Azərbaycan mədəni və dini abidələrin qorunması sahəsində nümunəvi təcrübəyə malikdir, beynəlxalq səviyyədə mədəni-dini abidələrin bərpasına töhfə verir. Bununla əlaqədar, o, Heydər Əliyev Fondunun bu istiqamətdə reallaşdırdığı layihələr barədə söz açıb. **
X.Nəsirzadə