“Azərişıq” ASC Ağdam rayonu, Mərzili kəndi ərazisində yerləşən Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzinin elektrik təchizatına 1,3 milyon manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, bu məqsədlə «Everest Tikinti» MMC ilə 1 milyon 313,345 min manat dəyərində müqavilə bağlanıb.
Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistan baş nazirinin birgə bəyanatının müvafiq bəndi ilə yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Türkiyə və RF müdafiə nazirlərinin 2020-ci il noyabrın 11-də imzaladıqları memoranduma uyğun olaraq Azərbaycan ərazisində yerləşir. Qarabağda atəşkəsə nəzarəti həyata keçirən Mərkəzdə hər iki tərəfdən bərabər sayda hərbçi təmsil olunur.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
B.Rüstəmbəyov