Azərbaycan və Latviya arasında Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi imkanları müzakirə edilib. Bu barədə “The Baltic Times” nəşri xəbər verir.
Məlumata görə, bu məsələ Latviyanın nəqliyyat naziri Talis Linkayts ilə Azərbaycanın Riqadakı səfiri Cavanşir Axundovun görüşü zamanı müzakirə olunub.
"İkitərəfli əməkdaşlığın müzakirəsi və Latviya-Azərbaycan Hökumətlərarası Komissiyasının qarşıdakı iclasına hazırlıq üçün gələcək addımların əlaqələndirilməsi məqsədilə baş tutmuş söhbət zamanı tərəflər biznes, elm və mədəniyyət sahələri də daxil olmaqla, bütün sahələrdə əməkdaşlığın aktivləşdirilməsində komissiyanın rolunu qeyd ediblər. Eyni zamanda, Latviya tərəfi epidemioloji vəziyyətin imkan verdiyi anda hökumətlərarası komissiyanın növbəti iclasını 2021-ci ilin ikinci yarısında Riqada keçirməyə hazır olduğunu təsdiqləyib", - deyə məlumatda vurğulanır.
Linkayts, həmçinin deyib ki, Latviyanın milli aviadaşıyıcısı olan “airBaltic” iyunun 2-dən etibarən həftədə iki dəfə olmaqla Riqa ilə Bakı arasında uçuşları bərpa etməyi planlaşdırır. Bundan başqa, Riqa Latviya ilə Azərbaycan arasında yük daşımalarında da potensial görür.*
Ə.Məmmədov