Prezident İlham Əliyev bu gün “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Sərəncam 625 nəfərə şamil olunur. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər isə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Eyni zamanda, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 nəfər cəzadan azad edilib. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 3 nəfər cəzadan azad olunub.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər, islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad edilib.
Əfv Sərəncamı 21 xarici ölkə vətəndaşına da şamil edilib. Onlardan 4-ü Rusiya Federasiyası, 6-sı İran, 5-i Gürcüstan, 2-si Türkiyə, 1-i Pakistan, 1-i Qazaxıstan, 1-i Kamerun, 1-i isə Əfqanıstan vətəndaşıdır.*
R.Əhmədov