Pandemiyanın iqtisadiyyatın bir çox sahələrinə mənfi təsir göstərməsinə baxmayaraq, tranzit sektorunda stabillik müşahidə olunub.Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“2020-ci ildə 8,2 mln. ton yük daşınıb və əvvəlki illə müqayisədə cəmi 0,3% azalma qeydə alınıb. Qeyri-neft sektoru üzrə tranzit daşımalarda yüklərin həcmi son 6 ildə 3,5 dəfədən çox artaraq 2020-ci ildə 3,5 mln. ton təşkil edib. Daşımaların 83%-i dəmir yolu, 17%-i isə avtomobillə (TIR) həyata keçirilib”, - Cabbarov Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının 5-ci iclasında bildirib.
Nazirin sözlərinə görə, TIR-la tranzit daşımalar son 6 ildə Şərq-Qərb tranzit dəhlizi üzrə ildə orta hesabla 100 min tondan artaraq 2020-ci ildə 600 min tona çatıb. Dəmir yolu ilə daşımalarda ən çox artım Şimal-Qərb marşrutu üzrə müşahidə olunub. Bu dəhlizlə daşımalar son 6 ildə 4 dəfə artıb.
Bundan başqa, nazirliyin məlumatına görə, görüşdə tranzit yükdaşımalar istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə məlumat verilib, bu sahədə mövcud vəziyyət və səmərəliliyin artırılması və s. məsələlər müzakirə olunub.
Tamerlan VahabovunBirləşmiş Tranzit Operatorunun direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı qərar qəbul olunub. **
Ə.Məmmədov