Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, hər zaman onun üçün əsas vəzifə Qarabağın erməni işğalından azad edilməsi olub.
“Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz”, - Əliyev Şuşa şəhərində Cıdır düzündə bayram tonqalını alovlandırarkən bəyan edib.
Prezident qeyd edib ki, bu il Novruz bayramı Şuşada qeyd edilir. “Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi”, - Əliyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycan uzun illər ərzində Ermənistan tərəfindən işğal olunan torpaqların azad edilməsi üçün məqsədyönlü hazırlıq işləri aparıb.
Dövlət başçısı bildirib ki, Şuşa 28 il əsarətdə idi, 28 il mənfur düşmən tərəfindən dağıdılırdı, məhv edilirdi. “Şuşanın tarixi siması dağıntılara məruz qalırdı. Düşmən Şuşanı erməniləşdirmək istəyirdi. Şuşada Azərbaycan xalqının irsini silmək istəyirdi. Ancaq buna nail ola bilmədi. Bəli, Şuşa dağıntılara məruz qaldı, Şuşada tarixi abidələrimiz mənfur düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, Azərbaycanın milli ruhunu qorudu və bu gün Şuşada olarkən bir daha bunun canlı şahidi oluruq. Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi. Biz də gəlməli idik və gəlmişik”, - o qeyd edib.
Əliyev əlavə edib ki, Şuşa Azərbaycanın qədim şəhəridir. “Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub”, - o vurğulayıb.
Prezident qeyd edib ki, Şuşa mütləq bərpa ediləcək. **
X.Nəsirzadə