Ermənistanın baş naziri Nikol Paşinyan regionda düşmənçilik meyllərinin sona çatmasının zəruriliyi barədə bəyan edib və bu istiqamətdə lazımi addım kimi Azərbaycanla kommunikasiyaların açılmasını qeyd edib.
“Regionun problemi odur ki, bizi düşmən olaraq görürlər və biz düşmən kimi qəbul edirik. Və bu davam edən prosesdir. Bu çıxılmaz vəziyyət necəsə idarə olunmalıdır. Bu həm bizdə, həm də başqalarında olan ən böyük çağırışdır”, - Paşinyan şənbə günü Araqatsonsk vilayətinə səfəri çərçivəsində kəndlərin sakinləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, problem tezliklə həll olunmayacaq.
“Lakin biz irəliləməliyik və problemin həlli üsullarından biri – indi müzakirə etdiyimiz, məhz regional kommunikasiyaların və yolların açılmasıdır. Əgər kimsə deyərsə ki, bu yalnız Azərbaycan və ya Ermənistan üçün faydalıdır, inanmayın”, - Paşinyan bildirib.
“Kommunikasiyaların açılması həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır. Regionda düşmənçilik probleminin həlli istiqamətində addım – kommunikasiyaların açılmasıdır. Azərbaycan Naxçıvanla kommunikasiya əlaqəsi yaratmalıdır, biz isə - Rusiya və İranla dəmir yolu əlaqəsi əldə etməliyik. Bu deməkdir ki, ölkəmizin iqtisadiyyatı mühüm dərəcədə dəyişə bilər”, - Paşinyan bəyan edib.
Onun sözlərinə görə, neft bazarı mis bazarı ilə əvəz oluna bilər.
“Ermənistan iri mis ehtiyatlarına malikdir və biz dəmir yolu əlaqəsini açmağa nail olsaq, mis ixrac etməyəcəyik, misəritmə istehsalı, bütün silsilə istehsalı yarada bilərik. Bu gün mis elektormobillər üçün mühərriklərdə iri həcmdə istifadə olunur”, - Paşinyan qeyd edib.
Eyni zamanda, Ermənistanın baş naziri bəyan edib ki, Qarabağ məsələsi həll olunmayıb. **