Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, 2020-ci il 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında Qarabağa dair imzalanan üçtərəfli bəyanatdan imtina faciəyə gətirəcək.
“Məni satqınlıqda ittiham edirlər (müxaliflət - İF). Bu satqınlıq nə ilə ifadə olunur? Bizi əraziləri verməkdə də ittiham edirlər. Lakin biz mümkün olduğu qədər dayanmışıq. Və lazım olduğu zaman qərar qəbul etdik (üçtərəfli bəyanatın imzalanmasına dair - İF). Bunun əksi faciə ilə nəticələnə bilərdi”, - Paşinyan şənbə günü Araqatsonsk vilayətinə səfəri çərçivəsində kəndlərin sakinləri ilə görüşdə bildirib.
“İndi deyirlər ki, satqın hakimiyyətdən getməlidir. Bəs imzaladığımız sənəd necə, siz (gələcək hakimiyyət - İF) ondan imtina edəcəksiniz? Deyirlər – xeyr. Biz bu kağızı çırsaq, bu faciə olacaq”, - o qeyd edib.
Onun sözlərinə görə, 2018-ci ildə Ermənistanda inqilabdan öncə Qarabağa dair danışıqlar prosesi “xalqın arzu və səylərini əks etdirmirdi”.
“Danışıqlar prosesinin mahiyyəti ona gətirirdi ki, Qarabağ mərhələli şəkildə Azərbaycanın tərkibində olmalıdır. Biz son saniyəyə qədər xalqımızın səylərinin müdafiəsində durmuşuq. Biz davam etməyin heç bir mənası olmadığını, perspektivlər görmədiyimiz zaman müharibəni dayandırdıq”, - Paşinyan deyib. **