2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 4,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“Hesabat dövründə 4,8 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 4% azdır. Neft ixracının (kondensatla birlikdə) 255 min tonu SOCAR-ın, 4,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” bloku və “Şahdəniz” yatağının payına düşüb”, - deyə məlumatda bildirilir.
Neft ixracının azalması OPEC+ razılaşması çərçivəsində hasilatın azalması ilə izah olunur.
2021-ci ilin yanvar-fevral aylarında ölkədə neft emalı 1 milyon ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,5 min ton (5,8%) az olub.
Məlumata görə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 mart 2021-ci il tarixinədək təqribən 558,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib, 558 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib. AÇG-dən 527,8 milyon ton xam neft, “Şahdəniz”dən isə 30,9 milyon ton kondensat çıxarılıb.
AÇG blokundan neft və səmt qazının hasilatına 1997-ci ilin noyabr ayından başlanılıb.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqaviləyə əsasən layihənin operatoru olan BP şirkəti (Britaniya) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, ITOCHU Oil (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% paya malikdir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir. Proqnozlara görə, 500 milyon tondan çox neft hasil olunacaq.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
B.Rüstəmbəyov