Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Qarabağ müharibəsindən sonra bölgədə dəyişən vəziyyətdə Türkiyəni düşmən hesab etmək lazım deyil.
“Əgər bölgədəki kommunikasiyaların blokadadan çıxarılmasından danışırıqsa, onda yanaşmalarımızda dəqiqləşdirmələr aparılmalıdır və biz bunun üzərində işləyirik”, - deyə o, yerli “İctimai Televiziya”ya müsahibəsində “Ermənistan Türkiyəni düşmən hesab edirmi” sualına cavabında bildirib.
“Türkiyə ilə birbaşa dialoq yoxdur. Lakin açıq bəyanatlar var və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması imkanı mövcuddur. Blokadadan çıxma yalnız Azərbaycanla deyil, daha geniş regional planda da olmalıdır və bunun üçün zəmin var”, - deyə o qeyd edib.
Qriqoryan, həmçinin deyib ki, Rusiya sülhməramlıları Qarabağda ilk beş illik müddət başa çatdıqdan sonra da qalmalıdırlar.
“Biz uzunmüddətli məsələləri necə həll etməli olduğumuzu başa düşməyə çalışırıq. Həllin ilkin əsas şərtlərindən biri də odur ki, sülhməramlıların Qarabağda qalma müddəti uzadılmalıdır. Bu, bizim üçün təhlükəsizlik baxımından vacibdir. Beş ildən sonra nə olacağını demək çətindir, amma bizim addımlarımız onların qalmasına yönəlib. Əgər qalmasalar, biz yeni həllər haqqında düşünməliyik. Onların uzun müddət qalması gündəliyimizdədir. İlkin şərtlər onların qalacağını göstərir", - deyə katib əlavə edib.*