Ermənistanın baş naziri Nikol Paşinyan bölgədəki nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini bəyan edib.
“Bizim İran və Rusiyaya gedən dəmir yollarımız Azərbaycandan keçir. Elə ola bilməz ki, biz onların ərazisindən yol alaq, onlar isə bizim ərazimizdən yox. Biz yollardan qarşılıqlı istifadə etməli olduğumuz barədə qərarlar qəbul etməliyik”, - deyə Paşinyan bu gün Ermənistanın Armavir vilayətinə səfəri çərçivəsində Araqats kəndinin sakinləri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, regiona münasibəti dəyişmək lazımdır.
“Bəli, regionda düşmənlərimiz var, ancaq biz onları nə qədər çox düşmən hesab ediriksə, onlar da bizi bir o qədər düşmən hesab edirlər. Biz bölgədə Ermənistan ətrafında əlverişli atmosfer yaratmalıyıq. Bunun üçün də regionla bağlı mövqeyimizi dəyişməliyik”, - deyə Paşinyan qeyd edib.
Daha əvvəl Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qeyd etmişdi ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə SSRİ dövründə fəaliyyət göstərmiş bütün nəqliyyat kommunikasiyalarının bərpası imkanlarını müzakirə edir.
“Müzakirələr Sovet dövründə fəaliyyət göstərmiş bütün kommunikasiyaların - həm avtomobil yollarının, həm də dəmir yollarının bərpası üzrə aparılır”, - deyə Qriqoryan martın 24-də parlamentdə deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup bir sıra iclaslar keçirib.
"İrəliləyiş var, lakin hələlik işlər ekspertlər səviyyəsində aparılır", - deyə Qriqoryan qeyd edib.*