2021-ci ilin yanvar-fevral ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 57,7 milyon manat məbləğində ipoteka krediti verilib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
Həmçinin, cari ilin fevral ayında agent banklar tərəfindən 40,8 milyon manat məbləğində ipoteka krediti verilib.
Məlumata görə, iki ay ərzində İKZF 40,2 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə artım 3,5 dəfə - İF).
Fevralda Fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən17,8 milyon manat vəsait əldə edib.
2020-ci ildə İKZF-nin agent bankları tərəfindən 257,5 mln. manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
X.Nəsirzadə