28 fevral 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 32 milyard 203.4 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-fevralda bankların aktivləri 0,5% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Fevralın sonuna bankların kredit portfeli 14 milyard 246,1 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,7% - İF) təşkil edir.
Fevralın 28-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 765,7 milyon manat (artım 1,4% - İF) təşkil edir.
Hesabat dövrünün sonuna bankların öhdəlikləri 27 milyard 437,7 milyon manata (artım 0,3%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 373,6 milyon manat məbləğində (azalma 0,2%) qiymətləndirilir. Martın əvvəlinə banklarda depozit portfeli 20 milyard 653,8 milyon manat (azalma 0,3%), o cümlədən, əhalinin əmanətləri 8 milyard 247,5 milyon manat (artım 2,5%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 73,1 milyon manat təşkil edib (2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə azalma 25,3%).
Hesabat dövründə bankların faiz gəlirləri 324,9 milyon manat (azalma 2,7%), o cümlədən verilmiş kreditlər üzrə 259,3 milyon manat təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 195 milyon manat məbləğində olub (artım 0,6%).
Yanvar-fevralın yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 137 milyon manat təşkil edib (azalma 6,3%).
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 89,3 milyon manat məbləğində qiymətləndirilir (azalma 22,9%), hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 16,2 milyon manat təşkil edib (artım 9,5%).
28 fevral 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Fevralın sonuna bankların 457 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4%) və 89 şöbəsi (azalma 18,3%) var.
Azərbaycanın bank sektorunda 18,724 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,1% - İF) çalışır.**
Ə.Məmmədov