2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 160 milyon 445,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,9% azdır. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 117 milyon 747,6 min manat (azalma 4,6%) və ya bazar üzrə bütün sığorta haqlarının 73,4%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 36 milyon 191,4 min manat (artım 9,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 81 milyon 556,2 min manat (azalma 9,8%) təşkil edib.
Yanvar-fevral aylarında icbari sığorta növləri üzrə sığorta haqları 42 milyon 697,5 min manat (azalma 36,5%) təşkil edib.
Hesabat aylarında sığortaçılar tibbi sığorta (55 milyon 666,6 min manat), həyatın yaşam sığortası (29 milyon 279,3 min manat) və daşınmaz əmlakın icbari sığortası (16 milyon 323,2 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-fevral aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 63,1%-ni təmin edib.
Bu dövrdə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 100 milyon 170,2 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2 dəfə çoxdur.
Yanvar-fevral aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 67 milyon 109,7 min manat (artım 96,2%) və ya bazar üzrə bütün ödənişlərin 67%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 50 milyon 726,7 min manat (artım 2,4 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 16 milyon 382,9 min manat (artım 22,9%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 33 milyon 60,5 min manat (artım 2,2 dəfə) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (50 milyon 57,2 min manat), könüllü tibbi sığorta (13 milyon 945,9 min manat) və AVSMMİS (9 milyon 808,7 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Yanvar-fevral aylarında həyatın yaşam sığortası üzrə ödənişlər 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə çox olub.
Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 73,7%-ni təmin edib.
Fevral ayının sonuna Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov