Prezident İlham Əliyev martın 30-da “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə edilməsi ilə bağlı bir sıra funksiyaların Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Cəmiyyətin yenidən təşkili və ləğvi; Müşahidə Şurasının və icra orqanının üzvlərinin, o cümlədən onların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilir.
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi; Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi; Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi və s. həvalə edilir.
Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirmək məqsədilə sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır: Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək; Cəmiyyətin xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək; Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək və s.
Azərbaycan İnvestisiya Holdinqi “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə onun idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etməli; beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə, “Azərbaycan Dəmir Yolları” QSC-nin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Dövlət başçısının digər sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müşaviri Emil Məcidovdur.*
X.Nəsirzadə