2020-ci ildə Azərbaycan vətəndaşları tərəfindən qeyri-rezidentlərə $1,6 milyard məbləğində nəqliyyat xidmətləri göstərilib ki, bu da 2019-cu ilin göstəricisindən 45,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2020-ci il üzrə tədiyə balansına əsasən, hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə $1,3 milyard məbləğində (azalma 13,3%) nəqliyyat xidmətləri göstərilib.
Azərbaycanın qarşılıqlı xidmətlərinin bütün həcminin 36,5%-i nəqliyyat xidmətlərinin payına düşüb.
Hesabat dövründə Azərbaycan rezidentləri tərəfindən qeyri-rezidentlərə $28,9 milyon məbləğində tikinti xidmətləri göstərilib ki, bu da 2019-cu illə müqayisədə 8,5% azdır.
“2020-ci ildə Azərbaycanın iqtisadi münasibətlərində qarşılıqlı xidmətlərin həcmi $8 milyard (azalma 21,6%) təşkil edib. Bunun $5,4 milyardı (azalma 15,6%) qeyri-rezidentlər tərəfindən Azərbaycan rezidentlərinə, daha $2,6 milyardı isə (azalma 31,6%) Azərbaycan şirkətləri və şəxslər tərəfindən qeyri-rezidentlərə göstərilib”, - məlumatda bildirilir.
Beləliklə, hesabat dövründə xidmət kəsiri $2,8 milyard (artım 8,6%) təşkil edib. Kəsirin $2,4 milyardı (artım 31,4%) neft-qaz sektoru, $0,4 milyardı (azalma 45,4%) qeyri-neft sektorunun payına düşüb.**
Ə.Məmmədov