2020-ci ildə fəaliyyətinin yekunları üzrə “AzSığorta” şirkətinin xalis mənfəəti 1 milyon 857 min 410,37 manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”agentliyinə sığorta şirkətindən məlumat verilib.
Şirkətin auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatına əsasən, ötən il onun gəlirləri 21 milyon 980 min 187,85 manat, o cümlədən sığorta haqları 15 milyon 622,188 min manat (2019-cu illə müqayisədə artım 6,5% - İF), təkrar sığorta üçün əldə olunan sığorta haqları 289,253 min manat, investisiya gəlirləri 3 milyon 564,105 min manat təşkil edib. Hesabat ili ərzində qalan gəlirlər digər maddələr üzrə əldə olunub.
2020-ci ildə “AzSığorta”nın xərcləri 19 milyon 658 min 424,89 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 5 milyon 950,918 min manat (artım 22,3%), sığorta işinin aparılması xərcləri 7 milyon 64,32 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
Ötən il şirkətin vergi ödənilənədək mənfəəti 2 milyon 321 min 762,96 manat, mənfəət vergisi üzrə ödənişlər 464 min 352,59 manat təşkil edib.
2020-ci ildə sığorta şirkətinin aktivləri 10,3% - 64 milyon 246,194 min manatadək, öhdəlikləri 34,1% - 23 milyon 187,005 min manatadək artıb, kapitalı 5,4% - 33 milyon 159,897 min manatadək azalıb.
Hesabat ilində şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 82,5% - 14,6 milyon manata qədər artıb.
“AzSığorta” şirkəti 2006-cı ilin noyabr ayında fəaliyyət göstərmək üçün lisenziya alıb və sığorta haqlarının və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı şirkətlərinin onluğuna daxildir. “AzSığorta” ASC-nin səhmdarı bir fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 20,3 milyon manata bərabərdir.*
Ə.Məmmədov