“Aztelekom” MMC ağac və dəmir dirəklərin satın alınmasına 5,3 milyon manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Aztelekom” “Optik tikinti və montaj” MMC və “Kim Construction” MMC ilə ümumilikdə 5 milyon 265,75 min manat dəyərində müqavilələr bağlayıb.
“Optik tikinti və montaj” MMC ilə bağlanmış müqavilə hündürlüyü 6,5 metr, 100x100 mm dördkünc profildən, divar qalınlığı 3 mm olan dəmir dirəklərin tədarükünü nəzərdə tutur. Müqavilənin dəyəri 4 milyon 233,25 min manatdır.
“Kim Construction” MMC ilə bağlanmış müqavilə kreozot məhlulu hopdurulmuş 6,5 metr hündürlüklü ağac dirəklərin satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 1 milyon 32,5 min manatdır.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini birləşdirir. Birlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.*
N.Abbasova