Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin mart ayında valyuta hərraclarında $397,7 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin fevral ayında valyuta hərraclarında $437,3 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, mart ayında xarici valyuta satışının həcmi fevral ayı ilə müqayisədə 9,1% azalıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ilin yanvar-mart aylarında ARDNF valyuta hərraclarında $1 milyard 479,9 milyon (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 46,6% - İF) satıb. Azalma onunla izah olunur ki, ARDNF neftin qiymətinin kəskin ucuzlaşması şəraitində milli valyutanın devalvasiyasına yol verilməməsi və valyuta bazarında vəziyyətin sabitləşməsi məqsədilə 2020-ci ilin mart ayında valyuta hərraclarında $1 milyard 928,3 milyon satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta (2019-cu illə müqayisədə artım 10,7%) satıb.*
A.Əzizov