Azərbaycan bu gün Çindən “SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza “CoronoVAC” peyvəndi alıb. Bu barədə səhiyyə nazirinin müavini Viktor Qasımov məlumat verib.
“Bu gün “CoronoVAC” peyvəndinin 500 min dozalıq birinci partiyası Azərbaycana gətirilib”, - deyə o, jurnalistlərə bildirib.
V.Qasımovun sözlərinə görə, hazırda ölkədə 550 mindən çox insan peyvənd olunub.
O əlavə edib ki, Azərbaycan Çindən 5 milyon doza vaksin almağı planlaşdırır və müvafiq müqavilə bağlanıb. “Peyvəndləməni nə qədər sürətlə aparsaq, ölkədə epidemioloji vəziyyət bir o qədər tez stabilləşəcək”, - deyə nazir müavini qeyd edib.
Hazırda Azərbaycanda peyvəndlənmə “CoronaVac” peyvəndi ilə həyata keçirilir. Türkiyədən 4 milyon doza “CoronaVac” peyvəndinin ölkəyə gətirilməsi haqqında $50 milyon dəyərində müqavilə bağlanılıb.
Bundan başqa, Azərbaycan Rusiya Federasiyasının “Human Vaccine” MMC ilə 300 min doza “Sputnik V” dərman vasitəsinin ölkəyə idxalı haqqında müqavilə imzalayıb. İdxal 180 gün müddətində həyata keçirilməlidir. Həmçinin “AztraZeneca” şirkətinə məxsus 432 min doza vaksinin idxalı haqqında müqavilə bağlanıb. Eyni zamanda, COVAX platforması çərçivəsində də vaksinin (dəyəri $21 milyondan çox) alınması planlaşdırılır.*
R.Əhmədov