Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti bu gün məlumat yayıb.
“Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib. Vəziyyətin ümumiyyətlə sabit olduğu və atəşkəs rejiminə ciddi şəkildə əməl edildiyi məmnunluqla qeyd edilib. Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib”, - deyə məlumatda bildirilir.
“İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib”, - deyə məlumatda qeyd olunur.
Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.*