2020-ci ildə fəaliyyətinin yekunları üzrə “Günay Sığorta” şirkətinin xalis mənfəəti 324 min 733,2 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, "Günay Sığorta" 2019-cu ili 719 min 502,17 manat məbləğində xalis mənfəətlə başa vurmuşdu. Beləliklə, 2020-ci ildə şirkətin xalis mənfəəti 54,9% azalıb.
“Günay Sığorta” şirkətinin maliyyə hesabatına əsasən, 2020-ci ildə şirkətin gəlirləri 9 milyon 254,1 min manat, sığorta haqları 9 milyon 55,356 min manat (artım 25,1%), investisiya gəlirləri 251,53 min manat təşkil edib. Hesabat dövründə qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 8 milyon 730 min 230,47 manat, sığorta ödənişlərinin həcmi 2 milyon 442,56 min manat (artım 28,9%), sığorta işinin aparılması xərcləri 4 milyon 813,33 min manat, təkrarsığortaya verilmiş risklər 567,221 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2020-ci ilin yekunları üzrə şirkətin vergi ödənilənədək mənfəəti 523,862 min manat təşkil edib. Hesabat dövründə şirkət 199,129 min manat mənfəət vergisi ödəyib.
2020-ci ildə “Günay Sığorta” şirkətinin aktivləri 3,8% - 14 milyon 965,698 min manatadək, öhdəlikləri 16,5% - 6 milyon 768,585 min manatadək artıb, kapitalı 4,8% - 8 milyon 197,113 min manatadək azalıb.
Hesabat ilində şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 69,2% - 1,676 milyon manata qədər azalıb.
“Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları 3 hüquqi və 2 fiziki şəxsdir. Nizamnamə kapitalı 7,7 milyon manata bərabərdir.*
Ə.Məmmədov