Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
“Bildirilib ki, Azərbaycan Ordusunun silahlanmasında olan “Baykar” şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) hərbi potensialımızı əhəmiyyətli dərəcədə gücləndirib. Həmin PUA-ların Vətən müharibəsində effektiv tətbiqi nəticəsində düşmənə ciddi zərbə vurulub, onun xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilib”, - deyə məlumatda qeyd olunur.
Tərəflər, həmçinin Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini də müzakirə ediblər.*
X.Nəsirzadə